Kökləri torpaqda, tarixi əllərdə: Həsirçilik və zənbilçiliyin keçmişi
Həsirçilik və zənbilçilik – sadə görünən, amma çox dərin tarixə və mədəni mənaya sahib sənətlərdir. Onların yaranması insanın təbiətlə ilk təmasını xatırladır: torpaqla, bitkilərlə, su ilə. Bu sənət növlərinin tarixi min illər əvvələ, hələ yazının olmadığı dövrlərə gedib çıxır.
Funksiyadan estetikaya
Orta əsrlərdə həsirçilik və zənbilçilik təkcə məişət üçün deyil, həm də bədii sənət kimi inkişaf edib. Xüsusilə İpək Yolu üzərində yerləşən bölgələrdə – o cümlədən Azərbaycanın Şəki, Gəncə, Naxçıvan, Lənkəran kimi şəhərlərində – toxuma sənəti ticarət predmetinə çevrilib. Həsirlər yalnız ev içində deyil, çadır və karvan saraylarında da geniş istifadə olunurdu. Zənbillər isə bazarlarda, hanlarda və hətta ibadət yerlərində gündəlik əşyaların saxlanması üçün istifadə olunurdu. UNESCO 2003-cü ildə qəbul etdiyi "Qeyri-maddi mədəni irsin qorunması konvensiyası" çərçivəsində zənbilçilik və digər oxşar sənət növlərini qorumağa çağırır. Azərbaycanda da bu çərçivədə qeyri-maddi irs siyahılarına daxil ediləcək sənət növləri araşdırılır. Həsirçilik və zənbilçilik də potensial olaraq bu siyahıya daxil edilə bilər.

Həsirçilik sənətinin davam etdirildiyi bölgələrdən biri...
Lənkəran yalnız çayı, mandarin bağları və yaşıl təbiəti ilə yox, həm də qədimdən bəri yaşadılan zənbilçilik və həsirçilik sənəti ilə tanınır. Bu bölgənin iqlimi və bitki örtüyü bu sənətin yaşaması üçün əlverişli mühit yaradıb. Burada zənbillər əsasən çam budaqları, qamış və çətən kimi yerli, dayanıqlı materiallardan hazırlanırdı.
Əvvəllər Lənkəran kəndlərində – xüsusilə Liman, Hirkan, Boladi və Osakücə kimi yaşayış məntəqələrində – demək olar ki, hər evdə bu sənətlə məşğul olan biri vardı. Zənbillər və həsirlər gündəlik məişət üçün- bazarda alış-veriş, meyvə və tərəvəz yığımı və evdə ərzaq saxlamaq üçün toxunurdu:
Zənbillər bəzən o qədər möhkəm olurdu ki, illərlə istifadə edilirdi. Bu məhsullar yalnız faydalı deyil, həm də estetik idi – onların naxışları, rəng keçidləri, usta əlindən çıxdığını göstərirdi.
1960–1980-ci illərdə Lənkəranda fəaliyyət göstərən məişət kooperativləri bu sənəti daha da inkişaf etdirdi. Qadınlar evdə toxuduqları zənbilləri həmin kooperativlərə verər, oradan da şəhərlərə və bazarlara yayılardı. Hətta bəziləri Moskvaya qədər göndərilirdi.
Yenidən qayıdış
Bu sənət, təəssüf ki, unudulmağa doğru getsə də, bəzi ustalar hələ də bu işi davam etdirir. Lənkəranda kənd yarmarkalarında və ya festivallarda bu zənbillərə rast gəlmək mümkündür. Son illərdə eko-dizayna və təbii məhsullara maraq artdığı üçün, bəzi gənclər bu sənətə yenidən maraq göstərməyə başlayıb.
Pedaqoq, muzey əməkdaşı kimi fəaliyyət göstərən Rəvanə Sadıqova da Azərbaycanın mədəni irsi sayılan həsirçilik-zəmbilçilik sənətini qoruyub saxlamaq məqsədilə bu sənəti dərindən öyrənərək bu sahədə də fəaliyyət göstərməyə başlayıb. Rəvanə Sadıqova bu sahəni “Leyne” layihəsinin keçirdiyi təlim proqramına qoşularaq öyrənib.

“Çox gözəl insanlarla tanış oldum. Orada toplaşan bütün xanımlarla maraqlı bir kollektivimizyarandı. Doqquz aydan sonra layihə bitdi və yollarımız ayrıldı. Amma müəllimlərim və orada tanış olduğum insanlarla əlaqəm hələ də var”.
Rəvanə xanım deyir ki, çətinlik çəkdiyi zaman müəllimləri ona hər zaman dəstək olurlar. Hər bir sənətdə olduğu kimi bu işin də özünə məxsus çətinlikləri var. Rəvanə xanım deyir ki, bu kollektiv sənətdir. Tək insanın çoxlu sayda sifarişi hazırlamağı mümkün deyil. Hazılasa belə bu çox zaman alır.
“Xammalın saxlanılmasında bir az çətinlik olur. Onu quru şəraitdə saxlamaq lazımdır ki, rəngi dəyişməsin. Bizim zona rütubətli zona olduğundan köhnələ, kiflənərək xarab ola bilir. Məhsulun günəş altında toplanması da çətinlik yaradan nüanslardan biridir”.
Bu sənət sadəcə məhsulu toplayıb istifadə etməklə çərçivələnmir. Rəvanə xanım deyir ki, Lığ islanmış vəziyyətdə işlədilir. Quru halda onu işlətmək mümkün deyil. Çünki əli kəsə və ya qırıla bilər. Toxunandan sonra keşə deyilən bir hissəsi alınır. Bu keşə çox uzun olmalıdır ki, ondan  bir əşyanı ərsəyə gətirmək mümkün olsun.

Daha çox əziyyət, daha çox keyfiyyət
Rəvanə xanım deyir ki, həsir çantaları rayon bazarında da tapmaq mümkündür. Amma onların bir çoxu daha rahat üsulla və daha az keyfiyyətli olur.  Beləki, Rəvanə xanım mümkün qədər sıx toxuyur və bu da çox çətin, zaman alan prossesdir. Daha aralı toxumaq rahat olsa da keyfiyyəti aşağı olur.
Zəhmət və çox enerji tələb olunsa da bu sənəti sevərək məşğul olmağa çalışanların sayı ötən illərə nisbətən artır. Son illərdə insanlar plastik məhsullardan imtina edərək təbii materiallara üstünlük verirlər. Bu tendensiya həsir və zənbil kimi əl işlərinə olan marağı artırır.
FAO və OECD tərəfindən hazırlanan 2024-cü il Kənd Təsərrüfatı Proqnozunda qeyd olunur ki, təbii liflərə (pambıq, çətənə, jüt və s.) olan qlobal tələbat artmaqdadır.

Ekoloji təmiz, insan sağlamlığına ziyan vurmayan və istifadəyə yararlı əşyaların artmasına da təsir göstərir. Dövlət tərəfindən qeyri-maddi mədəni irsin qorunması proqramları çərçivəsində bu sənətlərə yenidən diqqət ayrılır. Mədəniyyət evlərində ustad dərsləri, sərgilər və yerli festivallar vasitəsilə bu sənətin gənc nəslə ötürülməsi üçün təşəbbüslər görülür. Festival, sərgilərdə bəzi stendlərdə həsirdən hazırlanmış məhsullara tez-tez rast gəlmək mümkündür.
Made on
Tilda